Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Yəmən Ali Siyasi Şurasının sədri Məhdi əl-Məşat öz adından və Ali Siyasi Şuradakı həmkarlarını təmsil edərək, Səudiyyə Ərəbistanının təcavüzkar qüvvələrinin Qərb sahilinin bütün bölgələrindən çıxarılmasında uca Allahın lütfü və bəxş etdiyi qələbəyə görə ona şükür və həmd edib.
Əl-Məşat 21 sentyabr inqilabının 12-ci ildönümü münasibətilə etdiyi çıxışında bu qələbə və 21 sentyabr inqilabının 12-ci ildönümünün tamam olması münasibətilə inqilabın lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husiyə təbrik və xoş arzularını çatdırıb. O, həmçinin bu təbrik və təşəkkürlərini qüdrətli və nizam-intizamlı adlandırdığı Yəmən Silahlı Qüvvələrinin qəhrəmanlarına, təhlükəsizlik qurumlarına və bütün dövlət qurumlarına çatdırıb.
O, həmçinin bütün qəbilələrə, o cümlədən bütün ziyalı, intellektual, siyasətçi və media fəallarına, eləcə də ölkə daxilində və xaricində yaşayan bütün Yəmən xalqına öz təbrik və təşəkkürlərini bildirib.
Sənada Yəmən Ali Siyasi Şurasının sədri Məhdi əl-Məşat bildirib: 21 sentyabr inqilabının ildönümü yerli, regional və beynəlxalq səviyyələrdə cərəyan edən sürətli dəyişikliklər və proseslər fonunda qeyd olunur və bu dəyişikliklər, xüsusilə Yəmən məsələsi ilə bağlı baş verən proseslər, inqilabın əzəmətinə, onun milli əsaslarına şahidlik edir və bunu sübut edir.
O bildirib: 21 sentyabr inqilabının ildönümünün qeyd edilməsi sadəcə bayram və ya illik festival deyil, özünü qəyyumluğun və xarici hökmranlığın pəncəsindən azad etmək, bütün asılılıq formalarından qurtulmaq qərarına gəlmiş böyük bir xalqın mübarizəsi qarşısında hər il ehtiramla dayanmaq üçün bir fürsətdir. Bu, Yəmənin izzətini, ucalığını və suverenliyinin qorunmasını özünün əsas məqsədi elan etmiş şanlı xalq inqilabı çərçivəsində həyata keçirilib.
O xatırladıb ki, bu inqilab xarici bir ölkənin bu böyük torpaqda özünə sınaq meydanı yaratmasının qarşısını almaq üçün meydana gəldi. Hazırda bu proses hərbi hakimiyyət sahəsində “qanun” adı altında davam edir və həmin “qanun” təcavüzkar ölkələr tərəfindən Ər-Riyad otellərindən birində verilib. 21 sentyabr inqilabından sonra Yəmənin öz mərd və mübariz övladları olduğu müddətdə bu heç vaxt həyata keçirilməyəcək.
Yəmənin Ali Siyasi Şuranın sədri Məhdi əl-Məşat izah edərək bildirib ki, 21 sentyabr inqilabı onilliklər boyu davam edən səmərəsizliyə, korrupsiyaya və ölkənin xarici qüvvələrin əlinə girov verilməsinə son qoymaq, eləcə də məqsədləri həyatın reallığından uzaqlaşmış Yəmənin sentyabr, oktyabr və noyabr inqilablarının nüfuzunu bərpa etmək kimi milli ehtiyacdan doğdu. Təsir və korrupsiya qüvvələri uzun illər ərzində ölkənin resurslarını israf etməklə, böhranlar və qarşıdurmalar yaratmaqla, milli qərarları xarici qüvvələrin əlinə girov verməklə məşğul oldular və respublikanın qurulmasından etibarən Yəmənin arzuladığı dövləti qurmaqda uğursuzluğa düçar oldular. Nəticədə ölkəni zəif bir dövlətə çevirdilər və beynəlxalq hesabatlar Yəməni ən korrupsiyalaşmış, ən yoxsul və ən geridə qalmış ölkələr sırasında təsnif etdi. Onlar iman, hikmət və sivilizasiya diyarı olan Yəməni tarixdə arzuolunmaz qonaq kimi qalan qurumların arxa həyətinə çevirdilər. Halbuki özləri xalqın sərvətlərini talamaq, həmin vəsaitlər hesabına var-dövlət toplamaq və xaricdə investisiyalar yatırmaqla məşğul idilər.
O bildirib ki, inqilabdan əvvəl ölkədə hökm sürən təhlükəsizlik böhranlarının mənzərələri hələ də insanların yaddaşında canlı olaraq qalır. Həmin dövrdə Yəmən ordusunun əsgərləri “Əl-Qaidə” tərəfindən qətlə yetirilir, bu təşkilatın bayraqları Məribdə, Cəbəl Rəsdə, Beyzada, Ərhabda və paytaxt Sənanın bəzi bölgələrində dalğalanırdı. Partlayışlar və sui-qəsdlər isə vətəndaşların təhlükəsiz və sabitliyini təhdid edən gündəlik mənzərəyə çevrilmişdi. Sənada hərbi təyyarələr xain əllərin fəaliyyəti, vəzifəli şəxslərin əlbirliyi və xaricdən verilən göstərişlər nəticəsində vurulurdu. Xalq ölkədə tüğyan edən quldurluq və genişmiqyaslı qarət hallarını da unutmayıb. Halbuki hakim elita öz nüfuzunu gücləndirməklə və yalnız öz maraqları ətrafında dövr etməklə məşğul idi və ölkənin taleyinə heç bir əhəmiyyət vermirdi.
O əlavə edərək bildirib ki, şanlı 21 sentyabr inqilabı bir sıra dəyərlər, prinsiplər və özünəməxsus xüsusiyyətlər sistemi ilə meydana gəldi. Bu inqilab mənsubiyyət və kimlik baxımından yəmənli, hərəkat və maliyyələşmə baxımından xalq yönümlü, rəhbərlik və qərarvermə baxımından isə milli xarakter daşıyır. Onun qərarlarının qəbulunda heç bir xarici tərəf iştirak etməyib və inqilab öz xalqından başqa heç kimə ehtiyac əlini uzatmayıb. Əksinə, o öz gücünü Allahdan, eyni zamanda xalqın şüurundan və vətənin ləyaqətini və suverenliyini qorumaq üçün and içmiş azad yəmənlilərin iradəsindən alıb.
O bildirib ki, bu inqilabın özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, onun lüğətində “intiqam” sözü yoxdur. Nə cəza meydanı yaradıb, nə səhra məhkəməsi qurub, nə də rəqiblərini aradan götürmək və kin güdmək yolunu seçib. Əksinə, əfv və bağışlamağı özünün metodu və davranış tərzi kimi qəbul edib. 21 sentyabr inqilabı rəqiblərini kökündən məhv etmək əvəzinə, onlarla dialoq aparan ilk inqilab olub. Çünki onun qənaətinə görə, vətənin mənafeyi bütün digər hesablamalardan üstündür.
O bildirib ki, 21 sentyabr inqilabı azadlıq və müstəqilliyi öz şüarı elan edib, qəyyumluq və asılılıq dövrünə son qoymağı isə özünün layihəsi və yolu kimi müəyyənləşdirib. Bu inqilab Allahın yardımı ilə muzdurluq və asılılıq qalalarını darmadağın edib, Yəmən xalqına öz gələcəyini öz əlləri ilə qurmaq üçün özünəinam və bacarıq hissini qaytarıb. Bu mənzərə bir çoxları üçün yalnız Yəmənin xalq inqilabı kimi izah oluna biləcək bir hadisə olub.
Əl-Məşat hesab edir ki, Yəmənin böyük sivilizasiya tarixi, strateji mövqeyi, sərvətləri və malik olduğu imkanları nəzərə alındıqda, onun azad, qüdrətli və müstəqil olması, eləcə də ətraf mühitindəki mövqeyini və təsirini bərpa etməsi müstəmləkəçi və tamahkar güclər üçün qəbulolunan deyildi. Həmin güclər planlar qurdular və gecə yarısı Səudiyyə Ərəbistanının rəhbərliyi ilə ABŞ-ın nəzarəti altında təcavüzə başladılar. Vaşinqtondan elan edilən və Ər-Riyaddan başlanan bu təcavüz cinayət və vəhşilik baxımından bütün hədləri aşdı.
O vurğulayıb ki, bu təcavüzün açıq məqsədi Yəməni yenidən qəyyumluq dairəsinə qaytarmaq, ölkənin iradəsi və sərvətləri üzərində hökmranlıq etmək və onun azadlıqsevər inqilabını məhv etmək idi. Təcavüz üçün böyük imkanlardan istifadə edilməsinə, yüz milyardlarla dollar vəsait xərclənməsinə, eləcə də Səudiyyə Ərəbistanının amansız mühasirəsi, xalqın aclığa məhkum edilməsi və ölkənin iqtisadi, mədəni və sivilizasiya infrastrukturunun 250 mindən çox hava hücumu ilə hədəfə alınması kimi addımlara baxmayaraq, bu təcavüz Yəmən xalqının iradə səddinə çırpıldı. Dünya Yəmən xalqının azadlıq və müstəqilliyə nail olmaq uğrunda göstərdiyi cəsarət və əzmkarlıq qarşısında heyrətə gəldi.
Təcavüz həyatın bütün təməllərini dağıtdı
Yəmən Ali Siyasi Şurasının sədri Məhdi əl-Məşat çıxışının davamında təcavüzün nəticələrindən danışaraq izah edib ki, Səudiyyə Ərəbistanının amansız təcavüzü Yəmən xalqının övladlarının qurduğu hər şeyi dağıdıb. O cümlədən məktəb, xəstəxana, məscid, yetim və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün mərkəzləri, eləcə də körpü, yol, bazar, matəm və toy mərasimlərinin keçirildiyi salonları hədəfə alıb. Hətta qəbiristanlıqlar belə bu təcavüzdən amanda qalmayıb.
O, sözlərinə davam edərək deyib ki, bu təcavüz mülki şəxslərlə döyüşçülər arasında fərq qoymayıb və bu onu Yəmənin öz varlığına qarşı sistemli təcavüzə çevirib. Əziz Yəmən xalqı bununla qarşıdurmada ağır bədəl ödəyib. Bunun göstəricisi yüz minlərlə pak canın itirilməsi olub ki, onların başında sabiq prezident şəhid Saleh əs-Səməd dayanır.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən, Yəmən Səudiyyə Ərəbistanının təcavüzü və amansız mühasirəsi, dövlət qulluqçularının əməkhaqlarının dayandırılması və həyatın bütün sahələrinin iflic edilməsi nəticəsində dünyada ən böyük humanitar böhranla üzləşib.
Biz tədbirlər mərhələsinə keçmişik
Məhdi əl-Məşat bu hadisələrin gedişində vurğulayaraq bildirib ki, Yəmən xalqı bütün daxili fikir ayrılıqlarını aşan, milli və taleyüklü bir mübarizə qarşısında olduğunu görür. Bu vətən və suverenliyin müdafiəsi yolunda təcəssüm olunan bir mübarizədir. Xalq birləşərək sadiq qəbilələr müdafiə bayrağı ətrafında bir araya gəlib dövlət qulluqçuları da daxil olmaqla, mülki qurumların sadiq əməkdaşları isə həmin şəraitdə müqavimət göstəriblər.
O bildirib ki, bu həmrəylik düşmənin planlarını iflasa uğradan, onun əsl simasını ifşa edən, Yəməni parçalamaq, işğal etmək, sərvətlərini talamaq və ölkəni yenidən xarici qəyyumluğun ağuşuna qaytarmaq niyyətlərini üzə çıxaran əsas güc amillərindən biri olub. Sülh qapısı heç vaxt bağlanmayıb və rəhbərlik istənilən danışıqların uğurla nəticələnməsi üçün zəruri olan etimad prinsipinin möhkəmləndirilməsi məqsədilə səmimi niyyətlə ilk addımı atıb. Beləliklə, Cenevrə, Küveyt, Stokholm və Maskatda keçirilən danışıqlar mərhələlərindən keçib və vətənin fundamental prinsiplərinə və ali mənafelərinə xələl gətirməyən güzəştlərə gedib.
O vurğulayıb ki, yəmənlilərin mövqeyinin mahiyyəti aydın idi. O mövqe isə bundan ibarətdir: Yəmənə qarşı quru, dəniz və hava yolu ilə həyata keçirilən təcavüzə və Səudiyyə Ərəbistanının amansız mühasirəsinə son qoyulması, əməkhaqlarının ödənilməsi, xalqın milli sərvətlərindən istifadə imkanının təmin edilməsi, hava limanlarının açılması, əsirlərin mübadiləsi, humanitar məsələlərin həll edilməsi və “yol xəritəsi” əsasında tədbirlərin həyata keçirilməsi.
Yəmən Ali Siyasi Şurasının sədri izah edib ki, rəhbərlik atəşkəs razılaşması müddətində və bütün çıxışlarında təcavüzkar Səudiyyə Ərəbistanı rejimini yol xəritəsini həyata keçirməyə və sülh üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırmağa xüsusi diqqət yetirib. Səudiyyə rejimi sülhə yönəlmiş bu səmimi çağırışları zəiflik kimi qiymətləndirib və həmişəki kinli və hiyləgər yanaşması ilə Vaşinqton və Təl-Əvivin göstərişi əsasında inadkarlıq, vaxtı uzatmaq və razılaşmaları pozmaq yolunu seçib.
O vurğulayaraq bildirib ki, Səudiyyə rejimi əziz Yəmən xalqının Fələstindəki qardaşlarına yardım göstərməklə məşğul olmasından sui-istifadə edərək ona qarşı ədalətsiz tədbirlər həyata keçirib. Bunun təzahürləri Yəmənə tətbiq olunan mühasirənin daha da sərtləşdirilməsi, bankların köçürülməsi, Yəmənli mühacirlərin pul köçürmələrinə məhdudiyyətlər qoyulması, milli valyutanın hədəfə alınması və xalqın əzablarının daha da dərinləşdirilməsi, eləcə də muzdluların işə cəlb edilməsi və fitnələrin qızışdırılmasında özünü göstərib.
O izah edərək bildirib ki, Səudiyyə rejimi həmçinin Yəmən xalqına qarşı yeni hərbi təcavüz planlaşdırmaqla yanaşı, orduların yaradılması və silahlandırılması istiqamətində də səylər göstərib. Bundan əlavə, Sənanın Beynəlxalq Hava Limanına mülki təyyarənin enişinə mane olub və hava limanını bombalamaqla yeni cinayət törədib. Bu hadisə onun Yəmənə qarşı 12 il davam edən təcavüz və amansız mühasirəni davam etdirməkdə israrını və təkəbbürünü nümayiş etdirir.
Əl-Məşat vurğulayıb ki, əziz Yəmən xalqının Səudiyyə Ərəbistanının təcavüzü və amansız mühasirəsi, eləcə də milli sərvətlərindən məhrum edilməsi nəticəsində üzləşdiyi əzab artıq elə bir mərhələyə çatıb ki, bunun qarşısında daha susmaq və əli əlin üstünə qoyub gözləmək mümkün deyil. Xalqın səbri tükənib və qarşısında yollar daralıb. Xalqa verilən əzabların daha da artdığı bir halda, belə bir vəziyyəti vaxtın uzadılması, zamanın və xalqın hüquqlarının boşa verilməsi kimi qiymətləndirilib.
O qeyd edib ki, Yəmən xalqı “Xəbərdarlıq və ümumi səfərbərlik cüməsi”ndə Səbin meydanında və müxtəlif vilayətlərdə milyonlarla insanın iştirakı ilə görünməmiş izdihamlarla küçələrə çıxaraq mitinqlər keçirərək rəhbərlikdən təcavüzə və mühasirəyə son qoymaq, torpaqları azad etmək, hüquqlarını əldə etmək və sərvətlərini geri qaytarmaq üçün müvafiq qərarlar qəbul etməsini tələb edib. Müdrik rəhbərlik xalqın səsinə və ədalətli tələblərinə cavab olaraq, tələb irəli sürmək mərhələsindən tədbirlər mərhələsinə keçdi. Bu addım təcavüz məqsədi daşımırdı, legitim müdafiə prinsipi əsasında atılmışdı. “Mühasirəyə qarşı mühasirə” və “gərginliyə qarşı gərginlik” göstərişi elan edildi.
O vurğulayıb ki, bu mübarizə şimal, cənub, şərq və qərbdən olan bütün yəmənlilərin mübarizəsidir. O, bunu “taleyüklü mübarizə” adlandıraraq nəticəsinin böyük Yəmən xalqının qaçılmaz və yaxın qələbəsi olacağını bildirib. Uca Allah buyurur:
«ذَٰلِکَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِیَ عَلَیْهِ لَیَنْصُرَنَّهُ اللَّهُ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ»
Budur! Hər kim (qisas olaraq) özünə verilən cəzaya bərabər bir cəza verərsə, sonra yenə təcavüzə məruz qalarsa, şübhəsiz ki, Allah hökmən ona yardım edəcəkdir. Həqiqətən, Allah çox əfv edəndir, bağışlayandır.
Həcc surəsi, 60-cı ayə
O, Yəmən xalqının əməkhaqlarının kəsilməsi, gəlir mənbələrinin kəsilməsi və milli valyutanın hədəfə alınması nəticəsində üzləşdiyi əzablara diqqət çəkib. Xalqın bu şərait qarşısında göstərdiyi müqavimətə hörmət və ehtiramını ifadə edən Əl-Məşat izah edib ki, 21 sentyabr inqilabı qanuni əməliyyatları ilə mühasirəni yarmaqla yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi, daxili istehsalın dəstəklənməsi və yəmənli məhsulların təşviq edilməsi yolu ilə quruculuq istiqamətində də irəliləyir. Çünki xalqın mühasirəyə qarşı müqaviməti yoxsulluq və ehtiyacla mübarizəsi ilə sıx bağlıdır.
Əl-Məşat çıxışını başıuca irəliləməyə davam etmək, Allaha təvəkkül etmək və onun (Allahın) qələbəsinə güvənmək, qarşıya qoyulan məqsədin ədalətinə inanmaq, çətinliklər qarşısında səbir göstərmək və prinsiplər üzərində sabitqədəm olmaq əzmini vurğulamaqla yekunlaşdırıb. O bildirib ki, 21 sentyabr inqilabının azad, ləyaqətli, müstəqil və qüdrətli Yəmən qurmaq məqsədləri həyata keçirilənədək bu yol davam etdiriləcək.
Xəbərin sonu

Məhdi əl-Məşat - Yəmən
Rəyiniz